22
Yəhuda padşahı Yoşiya
(2Saln. 34:1-2)
1 * Yer. 3:6 Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. Anası Bosqatlı Adayanın qızı olub adı Yedida idi. 2 O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolu ilə gedərək ondan kənara çıxmadı.
Məbəddə Qanun kitabının tapılması
(2Saln. 34:8-28)
3 Yoşiyanın padşahlığının on səkkizinci ilində padşah mirzə Meşullam oğlu Asalya oğlu Şafanı Rəbbin məbədinə göndərib dedi: 4 «Baş kahin Xilqiyanın yanına get. Qoy o, astana keşikçilərinin xalqdan yığdıqları Rəbbin məbədinə gətirilən pulu tərəzidə çəksin. 5 Onu Rəbbin məbədinin işinə nəzarət edənlərə versinlər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə – 6 dülgərlərə, ustalara, bənnalara, məbədi təmir etmək üçün taxta və yonulmuş daş alanlara versinlər. 7 Ancaq əllərinə verilən pulun hesabı onlarla aparılmasın, çünki sədaqətlə çalışırlar».
8 Baş kahin Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi və Şafan onu oxudu. 9 Mirzə Şafan padşahın yanına gəldi və ona xəbər gətirib dedi: «Qulların məbəddə tapılan pulu boşaltdılar və onu Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər». 10 Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.
11 Padşah Qanun kitabının sözlərini eşidəndə paltarını cırdı. 12 Padşah kahin Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Akbora, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi: 13 «Gedin, tapılmış bu kitabın sözlərinə görə mənim üçün, xalq və bütün Yəhuda üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı alovlanmış qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabın sözlərinə qulaq asmamışdı və orada bizim üçün yazılmış bu şeylərə əməl etməmişdi».
14 Kahin Xilqiya, Axiqam, Akbor, Şafan və Asaya qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Harhas oğlu Tiqva oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla söhbət etdilər. 15 Qadın onlara dedi: «İsrailin Allahı Rəbb deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki, 16 Rəbb belə deyir: “Mən Yəhuda padşahının oxuduğu kitabdakı bütün sözlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm. 17 Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim alovlanacaq və sönməyəcək”. 18 Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin. 19 Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb. 20 “Bundan ötrü Mən səni atalarına qoşacağam, rahatlıqla öz qəbrinə qoyulacaqsan və bu yerin üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdılar.