19
İlyasın təqibdən qaçması
Axav İlyasın etdiyi bütün işləri və onun necə bütün peyğəmbərləri qılıncla öldürdüyünü İzevelə danışdı. İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin». İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub, özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm». O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib-içdi və yenə yuxuya getdi. Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.
Rəbbin İlyasa görünməsi
İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu. 10  * Rom. 11:3 O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 11 O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi. 12 Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi. 13 İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Bir səs ona dedi: «İlyas, burada nə edirsən?» 14 O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
15  * 2Pad. 8:7-13 * 2Pad. 9:6 Rəbb ona dedi: «Qalx çöl yolu ilə Dəməşqə get. Oraya çatanda Xazaeli Aram üzərində padşah olmaq üçün məsh et, 16 Nimşi oğlu Yehunu İsrail üzərində padşah olmaq üçün məsh et, Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et. 17 Xazaelin qılıncından qurtaranı Yehu öldürəcək, Yehunun qılıncından qurtaranı Elişa öldürəcək. 18  * Rom. 11:4 Ancaq Mən İsraildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi – yeddi min adamı saxlamışam».
Elişanın peyğəmbərlik çağırışı
19 İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı. 20  * Luka 9:61 Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi: «Qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm». İlyas ona dedi: «Geri qayıt, mən sənə nə etdim?» 21 Elişa ondan ayrılıb geri qayıtdı. Öz bir cüt öküzünü götürüb onları qurban kəsdi. Öküzləri kotanın taxtaları ilə bişirib ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi.

*19:10 Rom. 11:3

*19:15 2Pad. 8:7-13

*19:15 2Pad. 9:6

*19:18 Rom. 11:4

*19:20 Luka 9:61