17
Allahın Davuda vədi
(2Şam. 7:1-17)
1 Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır». 2 Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir».
3 Lakin gecə Natana Allahın bu sözü nazil oldu: 4 «Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən, 5 çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim. 6 Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?” 7 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim. 8 Getdiyin hər yerdə səninlə oldum, qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. 9 Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq. 10 Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək. 11 * Zəb. 132:11; Həv. 2:30 Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. 12 O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. 13 * 2Şam. 7:14; 2Kor. 6:18; İbr. 1:5; Vəhy 21:7 Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam. 14 Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”». 15 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.
Davudun duası
(2Şam. 7:18-29)
16 Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Rəbb Allah, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın? 17 Ey Allah, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Mənə yüksək bir adam kimi baxırsan, ya Rəbb Allah! 18 Bu quluna izzət verdiyin üçün Davud Sənə daha nə deyə bilər? Sən ki bu qulunu tanıyırsan. 19 Ya Rəbb, qulundan ötrü və Öz istəyinə görə bu böyük işlərin hamısını etdin ki, bütün əzəmətini göstərəsən. 20 Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. 21 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın. 22 Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
23 İndi isə, ya Rəbb, bu qulun və onun nəsli haqqında söylədiyin söz əbədi olaraq yerinə yetsin və dediyinə əməl et. 24 Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəsli də Sənin önündə möhkəm qalsın. 25 Çünki, Sən ey Allahım, “sənə ev tikəcəyəm” deyərək bunu quluna çatdırdın və buna görə qulun önündə dua etməyə cəsarət tapdı. 26 Ya Rəbb, Sən Allahsan və indi də quluna bu yaxşı şeyi vəd etdin. 27 Əbədi olaraq Sənin önündə olsun deyə bu qulunun nəslinə xeyir-dua vermək Sənə xoş göründü. Sən, ya Rəbb, ona xeyir-dua verdiyin üçün o əbədi olaraq xeyir-dua almışdır».